Müxbir hesab
Müxbir hesab – bankların Mərkəzi Bankda və ya digər kredit təşkilatlarında açdığı hesabdır. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılır. Banklarla yanaşı, maliyyə əməliyyatı aparan digər operatorlar da müxbir hesaba malik ola bilirlər. Qanunvericiliyə görə yerli banklar milli valyutada müxbir hesablarını yalnız Mərkəzi Bankda aça bilərlər.
Müxbir hesabları aşağıdakı kimi təsnifləşdirmək olar:
- “Nostro” müxbir hesablar – bankın (A bankının) digər bankda (B bankında) olan müxbir hesabları;
- “Loro” müxbir hesablar – digər bankın (B bankının) bankda (A bankında) olan müxbir hesabları.
“Nostro” hesablar hesabatlarda bank aktivlərinin, “Loro” isə bank passivlərinin tərkib hissəsi kimi qeyd olunur. Müxbir hesablar əsasən ödəniş taprışıqlarının, yəni pul köçürmələrinin operativ həyata keçirilməsini təmin edir. Məsələn, A banka yaxınlaşan müştəri xaricdə hər hansı bir C bankına pul göndərmək istəyir. Lakin A bankının C bankında hesabı olmadığı üçün A bankı digər bir B bankından yerləşən müxbir hesabı vasitəsilə C bankına pul göndərilməsini həyata keçirmiş olur.
İqtisadi terminlər lüğətinə qayıt