Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü

Azərbaycan Respublikasının Nazirlər Kabineti
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.
  5. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.
  6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 21 dekabr 2018-ci il

№ 556

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilətəsdiq edilmişdir.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyalarıİşçilərinin orta siyahı sayı (nəfər)İllik gəliri (ig) (min manat)
Mikro sahibkar1 – 10ig ≤ 200
Kiçik sahibkar11 – 50200 < ig ≤ 3 000
Orta sahibkar51 – 2503 000 < ig ≤ 30 000
İri sahibkar251 və ondan yuxarı30 000 < ig

Qeydlər:

  1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
  2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
  3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
  4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

One thought on “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir