2027-ci ildə gəlir vergisi: Maaşdan tutulacaq yeni məbləğlər
2027-ci il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid işəgötürənlərdə çalışan fiziki şəxslərin muzdlu işdən əldə etdikləri gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişəcək.
Gəlir vergisi nədir? Gəlir vergisi fiziki şəxslərin əldə etdiyi müəyyən gəlirlərdən dövlət büdcəsinə ödənilən vergi növüdür. Əməkhaqqından tutulan gəlir vergisinin hesablanması isə şəxsin vergi tutulan aylıq gəlirinin məbləğindən asılıdır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan mərhələli dəyişikliklərə uyğun olaraq, 2027-ci ildən gəlir vergisi üzrə yeni dərəcələr tətbiq olunacaq. İndi 2026-cı il üçün 2 500 manatadək vergi tutulan aylıq gəlirə 3 faiz dərəcə tətbiq edilir. 2027-ci ildən bu göstərici 5 faizə yüksələcək.
2027-ci ildən gəlir vergisi necə hesablanacaq?
2027-ci il yanvarın 1-dən başlayaraq 2028-ci il yanvarın 1-dək aşağıdakı dərəcələr tətbiq ediləcək:
| Vergi tutulan aylıq gəlir | Gəlir vergisi |
|---|---|
| 2 500 manatadək | 5% |
| 2 500–8 000 manat | 125 manat + 2 500 manatdan yuxarı hissənin 10%-i |
| 8 000 manatdan çox | 675 manat + 8 000 manatdan yuxarı hissənin 14%-i |
Məsələn, vergi tutulan aylıq gəliri 2 000 manat olan şəxsin gəlir vergisi 100 manat təşkil edəcək. 3 000 manat vergi tutulan gəlir üçün isə hesablanma 125 manat + 2 500 manatdan yuxarı olan 500 manatın 10 faizi, yəni 175 manat olacaq.
Burada nəzərə alınmalı önəmli məqam budur ki, işçinin aylıq gəliri 2 500 manatadək olduqda həmin gəlirin 200 manatlıq hissəsinə tətbiq olunan gəlir vergisi güzəşti qüvvədə qalır.
8 000 manatdan yuxarı gəlirlər vergiyə necə cəlb olunacaq?
Aylıq vergi tutulan gəlir 8 000 manatdan çox olduqda gəlir vergisi 675 manat + 8 000 manatdan yuxarı olan hissənin 14 faizi əsasında hesablanacaq. Məsələn, vergi tutulan aylıq gəlir 10 000 manatdırsa, hesablanacaq gəlir vergisi 675 manat + 2 000 manatın 14 faizi, yəni 955 manat olacaq.
Vergi dərəcələri 2028-ci ildə də dəyişəcək
Dəyişiklik yalnız 2027-ci illə məhdudlaşmır. 2028-ci il yanvarın 1-dən başlayaraq 2 500 manatadək vergi tutulan aylıq gəlirlər üçün dərəcə 7 faizə yüksələcək. 2 500–8 000 manat aralığında gəlirlər üzrə vergi 175 manat + 2 500 manatdan yuxarı hissənin 10 faizi, 8 000 manatdan yuxarı gəlirlər üzrə isə 725 manat + 8 000 manatdan yuxarı hissənin 14 faizi olacaq.
Beləliklə, gəlir vergisinin dərəcələri mərhələli şəkildə dəyişir: 2026-cı ildə 2 500 manatadək vergi tutulan gəlirlər üçün 3 faiz, 2027-ci ildə 5 faiz, 2028-ci ildən isə 7 faiz tətbiq ediləcək.
Onu da vurğulayaq ki, bu qaydalar bütün əməkhaqqı alan şəxslərə eyni şəkildə şamil olunmur. Tətbiq dairəsi işəgötürənin fəaliyyət sahəsi və sektoruna, həmçinin Vergi Məcəlləsində müəyyən edilmiş başqa şərtlərə bağlıdır.
