Archives İyun 2023

Dövlət Vergi Xidməti
Dövlət Vergi Xidmətinə vergi daxilolmaları 45 faiz artıb

2023-cü ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Vergiler.az”a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45 faiz və ya 2,6 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 4,6 milyard manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,8 faiz və ya 697,2 milyon manat artıb.

Yeni nesil NKA-lar
Yeni nəsil NKA-larla dövriyyə 8,5 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətdən “Vergiler.az”a verilən məlumata görə, indiyədək ölkə ərazisində 90 138 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-ci ilin yanvar-may ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,5 milyard manatdan çox olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Vergi ödəyicilərinin sayı 7 faizədək artıb
Vergi ödəyicilərinin sayı 7 faizədək artıb

Bu ilin iyun ayının 1-nə respublika üzrə vergi uçotunda olan 1 452 702 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Vergiler.az”a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,5 faiz, hüquqi şəxslərin sayı isə 9,7 faiz artıb.

Dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 167,6 min təşkil edib, onlardan 105,4 mininin fəaliyyəti aktiv olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayı 10,4 faiz, aktiv kommersiya qurumlarının sayı isə 14 faiz artıb.

2023-cü ilin iyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

İyunun 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 490 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artım deməkdir.