Avropa Liqası 2019 finalı və Avropa Çempionatı 2020 ilə bağlı güzəşt və azadolmaların qaydası
AL-2019 finalı və AÇ-2020 ilə bağlı güzəşt və azadolmaların tətbiqi qaydası

Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi

QAYDASI

1. Bu Qayda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (bundan sonra – AFFA) hüquqi və fiziki şəxslərə (bundan sonra – şəxs) Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənəd (bundan sonra – təsdiqedici sənəd) verməsi qaydasını müəyyən edir.

2. Təsdiqedici sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi (bundan sonra – Məcəllə) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (bundan sonra – Qanun) müəyyənləşdirilmiş güzəştləri və azadolmaları əldə etməyə əsas verən sənəddir.

3. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar təsdiqedici sənəd yalnız Məcəllədə və Qanunda nəzərdə tutulmuş şəxslərə verilir.

4. Təsdiqedici sənədin verilməsi üçün malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ilə əlaqədar bu Qaydanın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin siyahısını Avropa Futbol Assosiasiyaları Birliyi (bundan sonra – UEFA) təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin və ya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müraciəti əsasında AFFA-nın malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi ilə bağlı müqavilələrin surətlərinin təqdim edilməsini UEFA-dan tələb etmək hüququ vardır.

5. Təsdiqedici sənəddə onun verildiyi şəxslərə dair aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

5.1. fiziki şəxsdirsə – adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərə münasibətdə), futbol klubunun (assosiasiyasının) oyunçusu və ya işçisi olmasına dair məlumat;

5.2. hüquqi şəxsdirsə – adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, UEFA-nın yaratdığı və ya onu təmsil edən, yaxud onun tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxs olmasına dair məlumat.

6. Təsdiqedici sənəd bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla UEFA tərəfindən rəsmi təqdim edilmiş siyahıda adları sadalanan şəxslərlə bağlı həmin şəxslərin müraciəti olmadan, UEFA-nın müraciəti əsasında AFFA tərəfindən 3 (üç) iş günü ərzində UEFA-ya və bu Qaydanın 3-cü hissəsində qeyd olunan şəxslərə verilir.

7. AFFA verdiyi təsdiqedici sənədlə birgə aşağıda göstərilən məlumatları da elektron qaydada və ya kağız daşıyıcıda 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim etməlidir:

7.1. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin adı;

7.2. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

7.3. xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin rezidenti olduğu ölkə;

7.4. xidmətin (malın, işin) adı;

7.5. xidmətin (malın, işin) məzmunu;

7.6. müqavilənin tarixi;

7.7. müqavilənin nömrəsi;

7.8. müqavilənin dəyəri;

7.9. müqavilənin icrasının başlanma tarixi;

7.10. müqavilənin icrasının bitmə tarixi.

8. Təsdiqedici sənədin formasını AFFA təsdiq edir.

9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və (və ya) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qaydanın 7-ci hissəsində göstərilən məlumatlarda uyğunsuzluq və ya çatışmazlıq aşkar etdikdə və onların aradan qaldırılması mümkün olmadıqda bu barədə AFFA-ya dərhal məlumat verməlidirlər.

10. AFFA bu Qaydanın 9-cu hissəsinə əsasən daxil olmuş məlumatı təsdiq etdikdə təsdiqedici sənədin ləğvi barədə qərar qəbul edir və UEFA-nı, Azərbaycan Respublikasının Vergilər Nazirliyini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini dərhal məlumatlandırır.

Əmək müqaviləsi ilə prosedurlarda dəyişiklik edilib
Əmək müqaviləsi ilə prosedurlarda dəyişiklik edilib

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da dəyişiklik edilib.

FED.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, artıq əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənlə bərabər Vergilər Nazirliyinə də məlumat göndəriləcək.

Bununla yanaşı, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınacaq.

Həmin hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Vergilər Nazirliyinə elektron qaydada məlumat göndəriləcək.

Mənbə: https://www.fed.az/az/sosial/66207/emek-muqavilesi-ile-prosedurlarda-deyisiklik-edilib

Əcnəbilərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı
Əcnəbilərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı?

2019-cu il yanvarın 1-dən sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması və yığım funksiyası dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Bu dəyişikliklə bağlı tez-tez səsləndirilən suallardan biri də ölkəmizdə yaşayan əcnəbi vətəndaşların sığorta öhdəlikləri ilə bağlıdır. Vergilər Nazirliyindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Bu siyahıda qanunla təsdiq edilmiş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olunur.

“Hasilatın pay bölgüsü haqqında” Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad ediliblər. Eyni zamanda, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Buna əsasən, əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən “Hasilatın pay bölgüsü haqqında” Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

Mənbə: https://vergiler.az/news/economy/2154.html

Gələn ildən şirkətlər və işçilər hər biri əlavə aylıq 2% haqq ödəyəcəklər
Gələn ildən şirkətlər və işçilər hər biri əlavə aylıq 2 % haqq ödəyəcəklər

Azərbaycan vətəndaşlarının ödəyəcəyi icbari tibbi sığorta haqqının məbləği açıqlanıb. Bütün işləyən şəxslərdən əmək haqqının 2 %-i qədər, işəgötürənlərdən isə işçilərinə ödədikləri əmək haqqının 2 %-i qədər sığorta haqqı tutulacaq.

İşləyən əhali üçün icbari tibbi sığorta haqqı şirkətlərdən və onların işçilərinin əməkhaqlarından tutulacaqdır.

“Marja”nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev sığorta haqlarından danışıb.

Agentliyin sədri bildirib ki, Azərbaycan əhalisinin 45%-nin sığorta haqqı dövlət tərəfindən ödəniləcəkdir:

“Ölkəmizdə təxminən 10 milyon nəfər əhali var. Əgər hər bir nəfər Agentliyə 100 manat köçürsə 1 milyard manat vəsait yığıla bilər.Lakin əhalinin müəyyən təbəqəsinin vəsaiti ödəmək imkanı yoxdur. Belə bir qərar olub ki, əhalinin müəyyən kateqoriyasının – 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürəcək. Bu kateqoriyalar əhalinin təxminən 45%-dir. Yəni, əhalimizin 45%-nin sığorta haqqı dövlət tərəfindən ödəniləcək. Qalır rəsmi işləyənlər, sahibkarlar və sərbəst məşğul əhali. Bunlardan sığorta haqqı necə alınacaq?!Muzdla işləyən vətəndaşların əməkhaqlarından faiz tutulacaq. Sığorta haqqı işəgötürən və işçi arasında bölünüb. İşəgötürənə 2%, 2% də işçinin əməkhaqqına tətbiq olunacaqdır. Türkiyə və Avropada da bu qaydadır. Sahibkarlardan da faiz tutulacaq. Qalır sərbəst məşğul əhali – qeyri-rəsmi işləyənlər, evdar qadınlar və s. Bunlar üçün sabit bir məbləğ tətbiq olunacaq. Yəni, qanunla 120 manat sığorta haqqı ödəməli olacaqlar.Bu şəxslər illik 120 manat ödəməlidirlər ki, sığortalı sayılsınlar.

Zaur Əliyev əlavə edib ki, dövlət 29 manat ödəyərək bütün əhalini ilkin tibbi yardım xidməti almaları üçün sığortalayacaqdır:

“Məsələn, kimsə hər hansı səbəbdən icbari tibbi sığorta haqqı ödəməməsinə baxmayaraq təcili -tibbi yardım xidmətindən yararlana biləcəkdir. Gələcəkdə hər bir vətəndaşın ailə həkimi olacaq. Hər bir ailə həkiminə 2000 min nəfərə yaxın əhali təhkim olunacaq. Vətəndaş ehtiyacı olduqda ailə həkiminə müraciət edə biləcək. Ailə həkimi vətəndaşı daimi yoxlayacaq və ilkin tibbi xidmət göstərəcəkdir. Buna görə dövlət hər bir vətəndaş üçün 29 manat sığorta haqqını dövlət büdcəsindən Agentliyə ödəyəcəkdir”.

Zaur Əliyev bildirib ki, qeyri-rəsmi çalışan işçilər icbari tibbi sığortadan yararlana bilməyəcəklər. “Vətəndaş rəsmi işləmirsə sığortadan kənar qalacaqdır. İşəgötürənlər işçiləri rəsmiləşdirməlidirlər ki, onlar sığortadan yararlana bilsinlər”.

Tibbi xidmətlərə ehtiyac yaranan zaman xəstəxanaya, klinikaya müəyyən məbləğin ödənilməsi tələb olunur. Vətəndaş İcbari Tibbi Sığorta Agentliyinə müəyyən sığorta haqqı ödədiyindən xəstələnən zaman onun müayinə və müalicə xərcləri Agentlik tərəfindən xəstəxanaya ödəniləcəkdir.

Mənbə: http://marja.az/news/39587?title=gelen-ilden-sirketler-ve-isciler-her-biri-elave-ayliq-2-haqq-odeyecekler